Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, tarixin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına Azərbaycan dövləti emosional qisasçılıq mövqeyindən deyil, tarixi ədalətin bərpası prinsipi ilə yanaşıb. Bu gün üçrəngli Azərbaycan Bayrağı Ermənistan işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda qürurla dalğalanır, zəfəri və qayıdışı tərənnüm edir. Xocalı soyqırımının günahsız qurbanlarının ruhları şaddır, çünki Vətən torpaqları işğaldan azad olunub, Azərbaycan xalqı onların xatirəsini hər il ehtiramla yad edir, Azərbaycan dövləti tarixi ədalətin bərpası istiqamətində beynəlxalq tribunalarda prinsipial mövqeyini daim nümayiş etdirir.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışınski çıxış edib. Kafedra müdiri bildirib ki, Xocalı soyqırımı faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövləti uzun illərdir sistemli şəkildə iş aparır. Eyni zamanda, Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası ən effektiv platforma olub. Faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi, tarixi ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasət bu gün də aktuallığını qoruyub saxlayır.
Sonra tədbir iştirakçıları Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyevin və Siyasi və ictimai elmlər kafedrasının dosenti Zaur Əliyevin məruzələrini dinləyiblər. Professor Asif Hacıyevin məruzəsi “Xocalı soyqırımı bədii ədəbiyyat və incəsənətdə” mövzusuna həsr olunub. Dosent Zaur Əliyev isə məruzəsində soyqırımının siyasi və hüquqi aspektlərinə toxunub.
Tədbir faciəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.
Universitetdə Xocalı soyqırımı haqqında sərgi də təşkil edilib.