Azərbaycan və İsrail seysmoloqları birgə seminarda iştirak ediblər
Bakı, 25 oktyabr, AZƏRTAC
İsrail Elmlər və İctimai Akademiyasinda bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi “Zəlzələ seysmologiyası və geodinamika” mövzusunda seminar keçirilib.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarın məqsədi seysmologiya və geodinamika sahəsində hər iki ölkədə aparılan prioritet tədqiqatlarla tanış olmaqla yanaşı, birlikdə seysmoloji, geodinamik araşdırmaların tətbiqi imkanlarını və elmi əlaqələrin gələcək perspektivlərini müzakirə etmək olub.
Ölkəmizi seminarda AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev və yer elmləri üzrə fəlsəfə doktoru, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov təmsil ediblər.
İsrail Elmlər və İctimai Elmlər Akademiyasının prezidenti, professor Nili Cohen və Fəxrəddin Qədimov açılış nitqi ilə çıxış ediblər.
Sonra öz işini dörd seksiyada davam edən seminarda Azərbaycan alimlərinin dörd elmi məruzəsi dinlənilib.
Qurban Yetirmişli Azərbaycanın seysmik şəbəkəsi və bu sahədə aparılan işlər haqqında iştirakçılara məlumat verib.
Tədbir iştirakçıları Azərbaycan seysmik və geodinamik şəbəkəsinin Şərqi Aralıq dənizi-Ərəbistan-Qafqaz sintaksisində aktiv tektonikanın və seysmik təhlükənin öyrənilməsində böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Seminarın yekununda iki ölkə mütəxəssislərinin birgə aparacağı prioritet tədqiqat istiqamətləri ətrafında müzakirələr aparılıb.