Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib
Brüssel, 16 aprel, AZƏRTAC
Lüksemburq şəhərində Azərbaycanın Xarici İşlər və Lüksemburqun Xarici və Avropa İşləri nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Lüksemburq Xarici və Avropa İşləri Nazirliyinin baş katibi Mark Ungeheuer və beynəlxalq iqtisadi əlaqələr və Avropa məsələləri üzrə direktoru Qaston Stronk ilə görüşlər keçirib.
Görüşlərdə qarşıdan gələn dövrdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması imkanları müzakirə edilib, regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Nazir müavini X.Xələfov Lüksemburqun Böyük Hersoqu Anrinin ötən il Bakıda keçirilmiş birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladıb, yüksək səviyyəli səfərlərin siyasi əlaqələrin inkişafına təkan verdiyini deyib və bunun gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri haqqında Lüksemburq tərəfinə ətraflı məlumat verib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması sahəsində Lüksemburq investisiya fondlarının və şirkətlərinin cəlb edilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Nazir müavini Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaşanan hadisələr haqqında qarşı tərəfi məlumatlandırıb və Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyindən söhbət açıb.
Lüksemburq tərəfi keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib. Lüksemburqun İslam sərmayəçiliyi sahəsində dünyada ilk yeri tutan qeyri-müsəlman ölkəsi olduğu diqqətə çatdırılıb. Ölkənin yüksək inkişaf səviyyəsi əldə etdiyi investisiya fondları və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq qurulması, habelə Lüksemburqun nəqliyyat və logistika sahəsində Avropada qabaqcıl təcrübəyə malik olması nəzərə alınaraq, iki ölkə arasında yük daşımaları sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təklif olunub.
Bununla əlaqədar, göstərilən istiqamətlər üzrə tərəflər arasında təmasların davam etdirilməsi və qarşıdan gələn dövrdə hər iki ölkənin ixtisaslaşmış dövlət qurumlarının bu fəaliyyətə cəlb edilməsi təklifi irəli sürülüb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel