AZƏRBAYCAN VƏ MOSKVA HÖKUMƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR
İclasda ticarət-iqtisadi, elmi-texniki sahələrdə və mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsi, hökumətlərarası komissiyanın 4-cü iclasının protokolunun yerinə yetirilməsinin gedişi, ticarət-iqtisadi əməkdaşlıq, Azərbaycan sərmayəçilərinin Moskvada yaşayış binalarının və topdansatış mərkəzinin tikintisində iştirakı, Azərbaycanın Moskvadakı səfirliyinin binaları kompleksinə dair mülkiyyət məsələlərinin nizama salınması və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olundu.
Abbas Abbasov komissiyanın gördüyü işlərdən razı qaldığını bildirərək dedi ki, hökumətlərimiz arasındakı əməkdaşlıq, bütövlükdə, ticarət-iqtisadi əlaqələrin əlverişli inkişafı üçün əsas şərtdir. Dövlətlərimiz arasında yaxşı qarşılıqlı münasibətlərin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin xətti uğurla davam etdirir. A.Abbasov Azərbaycana səmimi münasibət bəsləyən Moskva meri Yuri Lujkovun rolunu da xüsusi nəzərə çarpdırdı. Baş nazirin birinci müavini vurğuladı ki, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin səviyyəsi yüksəlir və hökumətlərarası komissiya çərçivəsində əməkdaşlıq bu əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir.
Moskva merinin birinci müavini Lyudmila Şvetsova ikitərəfli əlaqələrdən məmnun qaldığını diqqətə çatdıraraq bildirdi ki, əməkdaşlıq üzrə nəzərdə tutulan bütün razılaşmalar yerinə yetirilir, xalqlarımıza fayda gətirir və bu əməkdaşlıq fəal surətdə davam etdiriləcəkdir.
Komissiyanın iclasının yekunlarına əsasən “Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki sahələrdə və mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsinə dair hökumətlərarası komissiyanın beşinci iclasının protokolu” imzalandı.
Bundan əlavə, hökumətlərarası komissiyanın növbəti, 6-cı iclasının gələn ilin ikinci rübündə Bakıda çağırılması, habelə 2005-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi haqqında razılıq əldə olundu.
Azərbaycan nümayəndə heyətinin tərkibinə gənclər, idman, turizm nazirinin müavini Teymur Mehdiyev, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Elşən Məmmədzadə, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov, Moskva-Azərbaycan şərab zavodunun baş direktoru Elman Bayramov daxil idilər.
Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev komissiyanın iclasında iştirak edirdi.