CƏMİYYƏT
Azərbaycan və Pakistan sahibkar qadınları arasında iqtisadi əlaqələr müzakirə olunub


Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə Pakistan sahibkar qadınları arasında görüş keçirilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan-Pakistan tərəfdaşlığının inkişafı məsələləri barədə danışıb. Bildirilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir.
S.Babayeva vurğulayıb ki, Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.
Pakistanın “Sarwar” Fondunun rəhbəri Pərvin Sərvər, həmçinin sahibkar xanım Müsərrət Qəyyum, “Lahore” universitetinin direktoru Fərzanə Rauf və Azərbaycanın Pakistandakı diaspor üzvləri görüşə görə təşəkkürlərini bildirərək qeyd ediblər ki, Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir.