SİYASƏT
Azərbaycan və Serbiya parlamentləri arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur
Bakı, 16 may, AZƏRTAC
Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçılarımız arasında mövcud olan dostluq əlaqələrinin Serbiya-Azərbaycan münasibətlərinin sürətli inkişafında önəmli rol oynadığı vurğulanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş və əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan və Serbiya ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələlərdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir.
Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən dostluq qrupları arasında təmasların daha da intensivləşdirilməsi ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.