Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi mühüm önəm kəsb edir

İstanbul, 17 noyabr, AZƏRTAC
“Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində İstanbulda keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, professorlar Ramazan Taşdurmaz, Kürşad Zorlu və başqaları konfransda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” fikrinin reallığa çevrilməsinin önəmini vurğulayıb, məsələ ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi Xocalı soyqırımının dünya birliyi tərəfindən sürətlə tanınması, saxta “erməni soyqırımı” ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də ermənilərin Türkiyəyə qarşı əsassız iddialarının qarşısının alınması baxımından mühüm önəm kəsb edir.
Bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən, eləcə də bu təcavüz nəticəsində həyatını itirən, əsirlikdə olan, işgəncələrə məruz qalan soydaşlarımızın şəxsi əşyalarının nümayiş olunduğu sərginin Avropa ölkələrində də təşkili planlaşdırılır.
Beynəlxalq təşkilatların və İstanbuldakı diplomatik korpusun təmsilçilərinin, şəhər ictimaiyyətinin və KİV nümayəndələrinin iştirak etdikləri konfransda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin nəticələrindən bəhs olunub, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin səmərəsini artırmaq barədə fikir mübadiləsi aparılıb, Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi hərbi təxribatlar qətiyyətlə pislənilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul