Azərbaycan xalqı builki Novruz bayramını ikiqat sevgi ilə qeyd edir
Tbilisi, 17 mart, AZƏRTAC
Azərbaycan xalqı və bütün azərbaycanlılar builki Novruz bayramını ikiqat sevgi - Vətən müharibəsindəki böyük Zəfər bayramı ilə birgə və misilsiz qələbəyə görə qəhrəman övladlarına minnətdarlıq hissi ilə qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən Novruz şənliyində deyib.
Səfir bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yer tutur və özünəməxsus adət-ənənələri ilə seçilir.
O, Novruzun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
F.Quliyev bayram tədbirlərinin təşkilinə göstərilən dəstəyə görə Gürcüstan dövlətinə minnətdarlığını bildirib.
Diplomat Novruz bayramının Gürcüstana da bol ruzi-bərəkət və əmin-amanlıq gətirəcəyinə əminliyini ifadə edib.
Xətayi Əzizov
AZƏRTAC-in xüsusi müxbiri
Tbilisi