CƏMİYYƏT
Azərbaycan xalqının mədəniyyəti, mətbəxi, məişətinə aid nümunələr “Tbilisoba” bayramında nümayiş olunur









Tbilisi, 30 sentyabr, AZƏRTAC
Bu gün Gürcüstanda ənənəvi olaraq “Tbilisoba” bayramı qeyd olunur. İki gün davam edəcək bayram çərçivəsində paytaxt Tbilisinin Orbeliani, Qudiaşvili meydanlarında, Heydər Əliyev, Leqvtaxevi və Rike parklarının ərazilərində bayram yarmarkaları açılıb.
AZƏRTAC xəbər verir ki, bayramı çərçivəsində Tbilisi sakrebulosunun Milli Azlıqlar Şurasının təşəbbüsü ilə “Tbilisinin müxtəlifliyi” adlı sərgi-satış yarmarkası da açılıb.
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə yaradılan azərbaycanlı icmanın guşəsində Azərbaycan xalqının mədəniyyəti, mətbəxi, məişətinə aid nümunələr sərgilənib, müxtəlif əl işlərinin satışı təşkil olunub.
Azərbaycan guşəsini ziyarət edənlər milli mətbəximizin təamlarından dadıb, milli suvenir və xalçalarla maraqlanıblar.
Qonaqların Azərbaycan guşəsində nərd oynamaqları guşəni seyr edənlərin də böyük marağına səbəb olub.
Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, toplaşan insanları təbrik ediblər.
Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə qeyd olunub.
Bayram məhsul yığımı mövsümü və yarmarkalarla əlaqədardır, hər il sentyabr ayının sonu, oktyabrın əvvəlində keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi