Azərbaycan “yaşıl enerji”nin istehsalında və ötürülməsində yeni layihəyə imza atdı
Bakı, 17 dekabr, AZƏRTAC
Bildiyimiz kimi, artıq Azərbaycan Avropaya enerjinin təkcə çatdırılması yox, həm də şaxələndirilməsi işini uğurla icra edir. Oktyabr ayında Bolqarıstanda interkonnektorun işə düşməsi bu prosesə müsbət təsir göstərdi. Bolqarıstandan sonra Serbiya da Azərbaycanı bu sahədə tərəfdaş kimi seçdi. Bu gün isə Azərbaycan bu işin Rumıniya ilə həyata keçirilməsi istiqamətində mühüm addım atır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
O qeyd edib ki, əvvəlki müqavilə ilə yanaşı, Azərbaycan bu dəfə ənənəvi enerji resurslarından fərqli olaraq, “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə yeni layihəyə imza atdı. Ölkəmizin bu istiqamətdə təcrübəsi Avropada, xüsusilə qitənin cənub-şərqində yerləşən dövlətlər üçün olduqca cəlbedicidir. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşıb.
A.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan artıq Qarabağda “yaşıl” və bərpaolunan enerji resurslarının işlənməsi və bu istiqamətə yeni infrastrukturun qurulmasına start verib. Rumıniyanın ardınca, çox böyük ehtimalla yaxın zamanlarda Moldova da bu təcrübədən yararlanmaq istəyini bildirəcək.
“Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya regionunda enerji nəqli üzrə əsas aktora çevrilməklə yanaşı, siyasi dividentlərin də əldə olunmasına yönələn siyasət yürüdür. Məqsəd siyasi maraqların iqtisadi baxımdan qorunmasını təmin etməkdir ki, Azərbaycan da bunu uğurla icra edir”, - deyə Amid Əliyev qeyd edib.