Azərbaycan yığması Almaniya komandası ilə matçda qalib gəlib
Bakı, 26 avqust, AZƏRTAC
Bakıda qadın şahmatçılardan ibarət Azərbaycan və Almaniya yığmaları arasında yoldaşlıq matçı başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu matç Azərbaycanın qadınlardan ibarət yığma komandasının qarşıdakı çıxışlara hazırlığı çərçivəsində keçirilib. Hər komanda 5 qadın şahmatçıdan ibarət idi. görüş Sxeveningen sistemi üzrə keçirilirdi, yəni bir komandanın hər bir iştirakçısı növbə ilə digər komandanın bütün iştirakçıları ilə görüşür.
Qonaqların komandasına Elizabet Payeş (2469), Sara Xult (2449), Yelena Lyovuşkina (2311), Tiyes Heynemann (2284) və Fiona Siyeber (2277), Azərbaycan yığmasına isə Nərmin Xələfova (2239), Gülnar Məmmədova (2357), Ülviyyə Fətəliyeva (2323), Zeynəb Məmmədyarova (2277) və Xanım Balacayeva (2282) daxildir.
Bu komandalar arasında yoldaşlıq matçlarının beşinci turunda Azərbaycan yığması 3,5:1,5 hesabı ilə qalib gəlib. Matçda ümumi hesab ölkəmizin xeyrinə 15,5:9,5-dir.
Xatırladaq ki, birinci turda Azərbaycan şahmatçıları 4:1 hesabı ilə qalib gəlib, ikinci turda 1,5:3,5 hesabı ilə məğlub olub, üçüncü turda 3:2 hesabı ilə qalib gəlib, dördüncü turda Fikrət Südeyifzadənin yetirmələri 3,5:1,5 hesabı ilə rəqiblərini üstələyiblər.
Oyunlarda vaxt nəzarəti belədir: ilk 40 gediş üçün 90 dəqiqə, sonra partiyanın sonuna qədər hər iştirakçı üçün 30 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə.