Azərbaycan yığmasının keçmiş məşqçisi Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək
Bakı, 5 yanvar, AZƏRTAC
Futbol Azərbaycan yığmasının sabiq baş məşqçisi, keçən il oktyabrın axırlarında bu vəzifəni tərk etmiş Robert Prosineçki yeni vəzifəyə təyin olunub. Xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.
AZƏRTAC Bosniya Futbol Assosiasıyasının rəsmi saytına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssisin namizədliyi federasiyanın icraiyyə komitəsinin iclasında təsdiq edilib. Kontraktın şərtləri açıqlanmır.
Robert Prosineçki Bosniya və Herseqovina yığmasını Millətlər Liqasına, habelə 2020-ci il Avropa Çempionatının seçim raunduna hazırlayacaq.
Federasiyanın birinci vitse-prezidenti Milorad Sofreniçin sözlərinə görə, bosniyalı Amar Osim də bu vəzifəyə namizəd idi, lakin daha təcrübəli Prosineçkinin xeyrinə seçim edilib.
Sofreniç bildirib ki, son iki seçim turnirinə - 2016-cı il Avropa çempionatına və 2018-ci il dünya çempionatına keçmək üçün güclü məşqçiyə ehtiyac vardı.
Daha sonra bildirilir ki, komandanın məşqçilər qərargahına Moskvanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) keçmiş yarımmüdafiəçisi Elver Raximiç də daxildir. 2001-2014-cü illərdə MOİK-in heyətində çıxış etmiş Raximiç bu komanda ilə birlikdə beş dəfə Rusiya çempionu olub, yeddi dəfə ölkə kuboku, beş dəfə Rusiya superkuboku sahibi, habelə UEFA kuboku qazanıb. Raximiç 2014-cü ildə də Bosniya və Herseqovina yığmasının məşqçilər qərargahında çalışıb.
Prosineçki 1987-ci ildə Yuqoslaviya yığmasının tərkibində Çilidə gənclər arasında dünya çempionatının qalibi olub. 1998-ci ildə o, Xorvatiya yığması ilə birlikdə Fransada keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.
2006-2010-cu illərdə Xorvatiya yığmasının qərargahında məşqçi olmuş Prosineçki 2010-2012-ci illərdə Serbiyanın “Srvena Zvezda” komandasına, 2012-2013-cü illərdə Türkiyənin “Kayserispor” klubuna, 2014-2017-ci illərdə isə Azərbaycan yığmasına başçılıq edib, lakin bu dövrdə böyük qələbələr qazanılmayıb. 2016-cı ildə onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsinə vəsiqə alan Azərbaycan yığması İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta komandaları ilə eyni qrupda 6 xal toplayaraq beşinci yeri tutub.