“Azərbaycanca-uyğurca lüğət” çapdan çıxıb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.4.2.ci bəndində 2013-2020-ci illər ərzində “Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması” nəzərdə tutulub. Bu məqsədlə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın Azərbaycan və uyğur türkləri arasındakı dərin tarixi köklərin izlərini özündə əks etdirən “Azərbaycanca-uyğurca lüğət”i nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, lüğət əsasən ümumişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4 minədək sözün qarşılığı verilib, frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb. Lüğət “Russko-uyqurskiy slovar”, “Uyqursko-russkiy slovar” və http://tilachar.ru/dictionary saytının materialları əsasında tərtib olunub. Azərbaycanda ilk dəfə olaraq hazırlanmış bu lüğət geniş oxucu kütləsi, xüsusən filoloq və türkoloqlar üçün nəzərdə tutulub.
“Azərbaycanca-uyğurca lüğət” tanınmış türkoloq, fədakar insan, professor Məhəbbət Mirzəliyevanın unudulmaz xatirəsinə ithaf olunub.