Azərbaycanda Belarus Təhsili Günlərinin açılışı olub
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Bakıda Belarus Təhsili Günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Belarusun təhsil nazirliklərinin, Belarusun ölkəmizdəki səfirliyinin və “Rumires Travel” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən Belarus Respublikasının Azərbaycandakı səfiri Gennadi Axramoviç Azərbaycan-Belarus təhsil əlaqələrinin inkişafından, artıq ikinci dəfədir ki, keçirilən forumun ali məktəblər arasında qurulan əməkdaşlığa töhfəsindən danışıb. Bildirilib ki, tədbirdə Belarusun 21 tanınmış ali məktəbi təmsil olunur. Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin ildən-ilə genişləndiyini, həyata keçirilən birgə layihə və proqramların əhəmiyyətini qeyd edən səfir Belarusda yüzlərlə azərbaycanlı gəncin təhsil aldığını vurğulayıb. Qeyd edilib ki, tədbir çərçivəsində Bakı Slavyan Universitetinin Belarus dili və mədəniyyəti mərkəzində “Belarus və Azərbaycan ali təhsilinin beynəlmiləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçiriləcək, iki ölkənin təhsil sistemi, qazanılan uğurlar barədə müzakirələr aparılacaq.
Sonra Belarusda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları rəhbərlik etdikləri qurumlar haqqında məlumat veriblər.
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Juk xalqlarımız arasındakı möhkəm dostluq münasibətlərindən, bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın genişlənməsindən danışıb. İnsan kapitalının cəmiyyətdə vacib amil olduğunu qeyd edən rektor deyib ki, öz işini yüksək səviyyədə bilən peşəkarlara hər yerdə böyük ehtiyac var. Belarus Dövlət Pedaqoji Universitetinin əsas hədəflərindən biri cəmiyyət üçün faydalı olan mütəxəssislər hazırlamaqdır. Universitet əsasən müəllim hazırlığı ilə məşğul olur. Burada inklüziv təhsil sahəsi üzrə mütəxəssislər də yetişdirilir ki, bu da, zənnimcə, Azərbaycan üçün maraqlı sahələrdəndir. Rektor Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Azərbaycanda təhsilə böyük önəm verildiyini, məktəblərin modernləşdirildiyini söyləyən A.Juk bütün bunların heyrətamiz olduğunu, iki ölkənin təhsil sahəsində təcrübə mübadiləsi aparmasının vacibliyini vurğulayıb.
Belarus Milli Aviasiya Akademiyasının rektoru, professor Qriqori Lovşenko aviasiya sahəsi üçün mütəxəssis hazırlığının əhəmiyyətindən, rəhbərlik etdiyi ali məktəbin bu işdə mühüm rolundan söz açıb. Müasir dövrdə aviasiya sahəsində yüksək ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu söyləyən rektor gəncləri Belarus Milli Aviasiya Akademiyasında təhsil almağa dəvət edib.
Daha sonra Belarus ali təhsili barədə videoçarx göstərilib.
Belarus Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin məsləhətçisi Olqa Xodkeviç bu ölkənin təhsil sisteminə həsr olunan təqdimatla çıxış edib. Gənclərə Belarus universitetlərində əcnəbi tələbələr üçün ikili diplom, ingilis dilində təhsil almaq, xarici ölkələrdə təcrübə keçmək imkanları barədə məlumat verilib.
Azərbaycanda Belarus Təhsili Günləri martın 7-dək davam edəcək.