AZƏRBAYCANDA BİRİNCİ İSRAİL FİLMLƏRİ FESTİVALI AÇILMIŞDIR
İsrailin Bakıdakı səfiri Eytan Naye mərasimdə çıxış edərək bildirdi ki, festival Azərbaycan tamaşaçısını İsrail kinemotoqrafının bu xalqın məişəti, adət-ənənələri və keçmişi haqqında təsəvvür yaradan bəzi filmləri ilə tanış etmək imkanı yaradır.
Rejissor Oqtay Mirqasımov festivalın təşkilatçılarına təşəkkürünü bildirərək dedi ki, Azərbaycan kinemotoqrafçıları israilli həmkarları ilə dostluq əlaqələrinin yaradılmasına daim böyük əhəmiyyət vermişlər. Festivalın əsas təşkilatçısı, “Soxnut” dünya yəhudi agentliyinin Azərbaycandakı nümayəndəsi İshak Bendon festivalın proqramı barədə məlumat verərək bildirdi ki, Azərbaycan tamaşaçıları “Qərblinin gözləri ilə”, “Kadoş” (Müqəddəs), “Şəhər əhvalatı” və “Milad bayramı həyəcanları” filmlərinə baxacaqlar. Bakı festivalı hər il təşkil olunacaqdır. Bütün filmlər rus dilində titrlərlə müşayiət olunacaq və pulsuz nümayiş etdiriləcəkdir.
Festivalın fəxri qonağı, “Soxnut”un Rusiyadakı nümayəndəliyinin baş direktoru, kinorejissor Boris Maftsir İsrail xalqının tarixi irsindən, İsrail dövlətinin nailiyyətlərindən danışdı.