AZƏRBAYCANDA EKOLOJİ TARAZLIĞIN QORUNMASI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də “Təmiz Şəhər” ASC “Ekologiya ili” çərçivəsində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirmişdir.
Qurumun idarə heyətinin sədri Zakir İbrahimov ekoloji tarazlığın qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü işlər aparıldığını qeyd etmişdir. O, “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün gördüyü işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, bərk məişət tullantılarının zərərsizləşdirilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı olan məsələlər dövlət qurumları ilə yanaşı, əhalinin birgə fəaliyyəti nəticəsində həll oluna bilər. Bu gün keçirilən təlim-tədris kursu bərk məişət tullantılarının idarə edilməsi sahəsində əlaqədar qurumlara bu sahədə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verməyə, ətraf mühit problemlərini və onlarla mübarizə yolları barədə fikir mübadiləsi aparmağa şərait yaradacaqdır.
Tədbirdə tullantıların emalı sahəsində müasir texnologiyaların tətbiqi, müəssisələrin təkrar xammaldan istifadə potensialı, tullantıların emalının əsas xüsusiyyətləri, idarə edilməsinə çəkilən xərclərin tənzimlənməsinin hüquqi yolları, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri və digər məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Seminarda, həmçinin, müəssisələrdə yaranan və poliqonlarda yerləşdirilən bərk məişət tullantılarının uçotunun aparılması qaydaları, tullantıların idarə edilməsində mövcud vəziyyət, bu sahədəki problemlər və onların həlli yolları, qabaqcıl ölkələrin təcrübəsinin tətbiqi və s. müzakirə edilmişdir.
Tədbirdə dövlət qurumları, beynəlxalq və yerli təşkilatların nümayəndələri, mütəxəssislər, qeyri-hökumət təşkilatları və KİV təmsilçiləri iştirak etmişlər.
######
![]() |
![]() |

