ELM VƏ TƏHSİL
“Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” - seminar




Bakı, 28 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının elmi işçisi Sona Qulizadə “Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” mövzusunda seminar təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, seminarda XX əsrdə atmosfer tərkibində baş verən qlobal dəyişkənliyin əsas səbəblərdən biri olan antropogen amillərin bitkilərin boy artımı, fenologiyası və dinamikasına təsirindən söz açıb. Qeyd olunub ki, son dövrlərdə dünyada müşahidə edilən temperatur artımı antropogen amillərin təsiri hesabına baş verib. Tez-tez müşahidə edilən isti küləklər, qasırğalar, yağıntılar və sel daşqınlarının təbiətdə intensivliyi və tezliyi xeyli artıb. Əvvəllər dəniz və okean suları 1000 metr dərinliyə qədər qızırdısa, son dövrlərdə qızma 2000 metr dərinliyə qədər artıb. İsti axınlar okean və dənizlərdə biomüxtəlifliyə öz mənfi təsirini göstərir ki, bu da təbii fəlakətlərin yaranmasının əsas göstəricisidir.
Bildirilib ki, Böyük və Kiçik Qafqaz meşə ekosistemlərində Pinus eldarica, Carpinus betulus L. Quercus castaneifolia C.A.Mey bitki növlərinin keçdiyi tarixi inkişaf yolu ekzogen hadisələrə, ağacların potensial artımına təsir göstərən amillər haqqında məlumat toplamağa imkan verir. Bu məqsədlə bitki nümunələrindən nümunələr götürülüb. “SUUNTO” və “MAKİTA” cihazları vasitəsilə 0,5-1,6 metr hündürlükdə, diametri 4-5 mm, uzunluğu 10-50 sm olan nümunələr xronoloji məlumatlar toplamaq üçün qurudularaq laboratoriya şəraitinə köçürülüb.
Seminarda diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycanda orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artıb.