“Azərbaycanda maddi-mədəniyyət abidələrində Zərdüştlüyün izləri” monoqrafiyası çap olunacaq
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda “Heydər Əliyev-100: Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri” adlı respublika konfransına hazırlıq məsələsi müzakirə olunub. İnstitutun baş direktoru professor Abbas Seyidov görülən işlər barədə açıqlama verərək bildirib ki, aprelin 27-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı 400 səhifədən artıq, nəfis tərtibatda kitab çapa təqdim olunub. Konfransa qədər materialların dərc olunması nəzərdə tutulur. Konfransın işində bölmələr də daxil olmaqla 100-dən artıq məruzənin dinlənilməsi planlaşdırılır. Məqalələr Azərbaycan, ingilis və rus dillərindədir.
Gündəlikdə duran ikinci məsələ şəffaflığın təmin olunması ilə bağlı AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 13 mart 2023-cü il tarixli qərarının həyata keçirilməsinin müzakirəsi olub. Bu qərarla bağlı arxeoloq alimlər - Arif Məmmədov, Hidayət Cəfərov, Səfər Aşurov, Əsədulla Cəfərov, Qəhrəman Ağayev, Vəfa Mahmudova, Bəhlul İbrahimli, icraçı direktor Zaur Həsənov öz təklif və mülahizələrini bildiriblər. Sonda qərara alınıb ki, işin səmərəliliyinin artırılması üçün rəhbərliyə alimlərin təkliflərindən ibarət müraciət göndərilsin.
May ayının 23-25-də keçirilməsi nəzərdə tutulan Birinci Beynəlxalq “Məhkəmə Arxeologiyası və Antropologiyası” adlı konfransa hazırlıqla bağlı müzakirə aparılıb.
Sonra 35 yaşa qədər olan alimlər arasında “İlin alimi mükafatı”nı almaq üçün Gülanə Əliyevanın namizədliyi irəli sürülüb. Arxeoloji xidmət və yeni tikinti sahələrini arxeoloji tədqiqi şöbəsinin böyük elmi işçisi Elnur Vəliyevin “Azərbaycanda maddi-mədəniyyət abidələrində Zərdüştlüyün izləri” monoqrafiyasının çapa təqdim olunması məsləhət bilinib.
Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb.