AZƏRBAYCANDA MOLDOVA MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞI
Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olmuşdur.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, onun xanımı Mehriban Əliyevanı və Moldova Prezidenti Vladimir Voronini gurultulu alqışlarla qarşıladılar.
Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Aparıcılar dövlət başçılarını və mərasim iştirakçılarını salamlayaraq vurğuladılar ki, Moldova və Azərbaycan xalqları arasında əlaqələrin çoxəsrlik tarixi var. Bu əlaqələr heç vaxt qırılmamış, iki ölkə xalqlarının mədəniyyətləri daim təmasda olmuş, bir-birinə qarşılıqlı təsir göstərmiş və qarşılıqlı surətdə zənginləşmişdir. Moldova incəsənət ustalarının bir çoxunun yaradıcılığı azərbaycanlılara yaxşı tanışdır. Eyni zamanda, Azərbaycanın bir çox musiqiçi, yazıçı və şairlərinin yaradıcılığı moldovalılar üçün əziz, onlara yaxındır.
Sonra Moldova incəsənət ustalarının qala-konserti oldu. Tamaşaçılar SSRİ və Moldova Respublikasının xalq artisti Vladimir Kurbetin rəhbərliyi ilə “Jok” Dövlət milli akademik xalq rəqs ansamblının, “Catharsis” duetinin, “Concertino” akkordeonçular ansamblının, Advaxov qardaşlarının rəhbərlik etdiyi orkestrin, Moldovanın tanınmış musiqiçi və müğənnilərindən Viktoriya Lunqu, Konstantin Moskoviç, Natalya Qordiyenko, Mixail Muntyanu və Marin Gerasın çıxışlarını böyük maraqla qarşıladılar.
######
![]() |
![]() |

