Azərbaycanda oynayan futbolçu: Salah, Qomes və Xoakinlə çox yaxşı münasibətim var idi - MÜSAHİBƏ
Bakı, 12 yanvar, AZƏRTAC
“Sumqayıt” klubunun braziliyalı yarımmüdafiəçisi Oktavio Manteka AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Mövsümün ilk yarısını özünüz və komandanız üçün necə qiymətləndirirsiniz?
- Klub rəhbərliyinin də fikrincə, komanda əvvəlki illərlə müqayisədə ən yaxşı dövrünü keçirir. Bu kollektivin bir hissəsi olduğuma görə xoşbəxtəm.
- “Sumqayıt”a transfer olduğunuz zaman azarkeşlər sizdən çox şey gözləyirdi. Lakin hələlik çıxışınız istədiyiniz kimi alınmır. Bu, nə ilə bağlıdır?
- Buraya gələndən sonra zədə aldım. Bərpa prosesindən sonra yaşıl meydanlara, eləcə də Azərbaycan futboluna uyğunlaşmaq üçün vaxta ehtiyac var idi. İnanıram ki, növbəti 6 ayda daha yaxşı çıxış edəcəyəm.
- Komandanız hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Hazırlığınız necə keçir?
- Toplanış intensiv şəkildə davam edir. Hər gün daha yaxşı oluruq. Yoxlama oyunlarında qüvvəmizi sınayacağıq. İndi vacib olan matç sayı deyil, temp və fiziki hazırlıqdır.

- Bu mövsüm əsas hədəfiniz nədir?
- Azərbaycan Kubokunun qalibi olmaqla Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.
- Bu yay “Sumqayıt”la icarə müqaviləniz başa çatır. Ümumiyyətlə, Azərbaycanda qalmaq fikriniz var?
- Bu məsələ məndən asılı deyil. Əvvəlcə, “Sumqayıt” məni saxlamaqda maraqlı olmalı və daha sonra müqavilə ilə məxsus olduğum Bolqarıstanın MOİK komandasına təklif göndərməlidir. Bu kollektivdə özümü çox xoşbəxt hiss edirəm. Ancaq gələcəyimi həll etmək mənim əlimdə deyil.
- Karyeranıza nəzər salanda İtaliyanın “Fiorentina” komandasında oynadığınızı görürük. Bu komandada qala bilməməyinizin səbəbi nə oldu?
- Dizimdən ciddi zədə aldım. Yaşıl meydanlara geri dönəndə isə “Fiorentina” ilə müqaviləm bitmişdi. Buna görə də sabiq komandam “Botafoqa”ya qayıtdım.
- Həmin vaxt “Fiorentina”da Məhəmməd Salah, Mario Qomes və Xoakin Sançes kimi ulduz futbolçular çıxış edirdi. Onlarla oynamaq necə hiss idi?
- Bu, ilk baxışdan təsiredicidir. Çünki həmin futbolçuları adətən videooyunlarında görürdüm. Lakin zaman keçdikcə onların da bizim kimi insan olduğunu gördüm (gülür). Həmin futbolçuların hamısı ilə yaxşı münasibət qurdum və bu qarşılıqlı əlaqədən maksimum yararlandım.