Azərbaycanda qoyunçuluq strategiyası ilə bağlı qiymətləndirmə hesabatının təqdimatı keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycanda qoyunçuluq strategiyası ilə bağlı qiymətləndirmə hesabatının təqdimatı keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli mütəxəssislər və fermerlər qrupunun nümayəndələrinin iştirakı ilə “Azərbaycanda qoyunçuluq strategiyasına dair qiymətləndirmə” hesabatı damazlıq işi üzrə beynəlxalq mütəxəssis Maite Lasarte tərəfindən təqdim edilib.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı iştirakçılar Azərbaycanda qoyunçuluqda mövcud vəziyyəti və inkişaf perspektivlərini, habelə beynəlxalq mütəxəssis Maite Lasarte 2020-ci ildə ölkəyə səfəri zamanı aparılan qiymətləndirmənin nəticələrini müzakirə etdilər.
Hesabat qoyun cinslərinin qiymətləndirilməsini (siyahıyaalma, fenotipik xüsusiyyətlərin müəyyən olunması), əsas maraqlı tərəflərin müəyyən olunmasını və ölkədə dayanıqlı damazlıq strategiyasını təyin etmək üçün fəaliyyət planını əhatə edir. Hesabatda, həmçinin Damazlıq Strategiyası İşçi Qrupun yaradılması, pilot bölgələrdə seminarın təşkili və fermerlərin damazlıq strategiyası proseslərinə cəlb edilməsi, ilkin fenotipik xüsusiyyətlərin müəyyən edilməsi və damazlıq proqramlarının hazırlanması kimi qısa, orta və uzun müddətli tövsiyələr də yer alıb.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova kənd təsərrüfatının, o cümlədən xırdabuynuzlu heyvan yetişdirilməsinin ikinci böyük məşğulluq mənbəyi kimi milli iqtisadiyyatda mühüm rol oynadığını qeyd edib. "FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığımız çox səmərəlidir və xüsusilə bu layihə çərçivəsində təklif olunan tövsiyələrin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafına kömək edəcəyinə əminik”, - deyə bildirib.
FAO Birləşmiş Millətlər Təşkilatının heyvan sağlamlığı və yetişdirilməsi sahəsində aparıcı qurumudur və heyvandarlıq sektorunun yaxşılaşdırılmasında texniki yardım göstərməkdə uzunmüddətli təcrübəyə malikdir. Heyvanların sağlamlığı və yetişdirilməsi sahəsində mövcud təcrübəsi ilə FAO heyvandarlıq sektorunun dayanıqlı inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birgə çalışır.
“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilir. Layihə heyvandarlıq sektorunun dayanıqlı inkişafını və ət və süd məhsulları bazarlarını yaxşılaşdırmağı hədəfləyir.