CƏMİYYƏT
Azərbaycanda rentgenoloq-həkim ordusunun yetişdirilməsində professor Bahadur Baxşıyevin müstəsna xidmətləri olub
![](/files/galleryphoto/2024/1/1200x630/17050527295936335123_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17050527293092139849_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17050527295495165045_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17050527291250746524_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705052729869944567_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705052729397629137_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17050527294693541591_1200x630.jpg)
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Qaranlıqlara işıq tutan ömür” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans rentgenoloq-radioloq, tibb elmləri doktoru, professor Bahadur Baxşıyevin 90 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, universitetdə belə yubiley konfranslarının keçirilməsinin ənənə halını aldığını deyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli fikirlərinə belə davam edib: "Böyük alimlərimizin, professorlarımızın xatirəsinə həsr olunmuş tədbirlərin məqsədi onların ruhuna ehtiram əlaməti olmaqla yanaşı, gənc həkimlərə həmin elm fədailərinin həyatını, keçdiyi yolu aşılamaqdır. Bu kimi elmi-praktik konfransların keçirilməsi aktual mövzuların müzakirəsi üçün bir vasitədir.
Uzun illər ATU-nun radiologiya və rentgenologiya kafedrasının müdiri olan Bahadur Baxşıyev hər kəs tərəfindən tanınan, sevilən professor-müəllim olub. O, universitetin həm ictimai həyatında, həm də çalışdığı sahə üzrə silinməz iz qoyub. Azərbaycanda rentgenologiya məktəbi yaradıb və peşəkar mütəxəssislər yetişdirib. Azərbaycanda rentgenoloq-həkim ordusunun yetişdirilməsində və inkişafında, bu sahənin ən böyük nailiyyətlərinin ölkəmizdə tətbiq edilməsində Bahadur Baxşıyevin müstəsna xidmətləri olub. Onun müəllifliyi ilə ana dilimizdə ilk dərsliklər yazılıb, rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub. Bahadur Baxşıyev öz namizədlik və doktorluq dissertasiyalarını Moskvada Rentgen və Radiologiya İnstitutunda vaxtından əvvəl müdafiə edib və ölkəmizdə bu sahənin öndərlərindən biri olub. Güman edirəm ki, professorun əziz xatirəsinə həsr olunan bugünkü konfrans nəinki radiologiya sahəsi, bu sahə ilə bağlı olan digər mütəxəssislər üçün də faydalı olacaq".
Daha sonra professor Bahadur Baxşıyevın həyatı və elmi fəaliyyəti barədə şüa diaqnostikası və terapiya kafedrasının müdiri, professorun tələbəsi olan professor Məlahət Sultanova məlumat verib. Bildirilib ki, B.Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik məhz professor B.Baxşıyev tərəfindən 1976-cı ildə yazılıb. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib və tibb elmləri doktoru alimlik adına layiq görülüb. O, Azərbaycan Respublikasında rentgenologiya və radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir.
Sonra professora həsr olunmuş "Təbabətin Bahaduru" filmi nümayiş olunub.
Daha sonra Bahadur Baxşıyevi yaxından tanıyanlar, onun tələbələri çıxış edərək xatirələrini bölüşüblər.
Konfrans sessiyalarla davam edib.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi tərəfindən 7 kredit balı ilə akkreditasiya olunub.