AZƏRBAYCANDA XİDMƏT SAHƏLƏRİ BÖYÜK SÜRƏTLƏ İNKİŞAF EDİR
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın xidmətlərlə əlaqədar işçi qrupunun rəhbəri, iqtisad elmləri doktoru, professor Ədalət Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda tikinti, telekommunikasiya və rabitə, nəqliyyat, ticarət, turizm, bir sıra digər xidmət sahələri böyük sürətlə inkişaf edir. Dinamik inkişaf nəticəsində ayrı-ayrı xidmət sahələrinin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi ilbəil artır. Hazırda xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 33,3 faizdir. Ölkə əhalisinin məşğulluğunda xidmət sektorunun əhəmiyyəti böyükdür. Əhalinin ümumi məşğulluğunun təqribən yarısı bu bölmənin payına düşür. Belə ki, topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının, motosikletlərin təmirində 640 min, təhsil sahəsində 335 min, tikintidə 195 min, nəqliyyat, anbar fəaliyyəti və istehlakçılara xidmət göstərilməsi sahəsində 100 mindən çox adam çalışır.
Xidmət sektoru ən çox liberallaşdırılmış sahələrdəndir. Təsadüfi deyildir ki, ÜDM-də qeyri-dövlət bölməsinin xüsusi çəkisi 76 faiz təşkil etdiyi halda, bu göstərici ticarətdə 99, tikintidə 97, nəqliyyatda 84, rabitə xidməti sahəsində isə 84 faizə çatmışdır.