Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə fevralın 27-28-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxından tanışlığı nəzərdə tutulur.