Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın cari ilin yanvar-fevral aylarında Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda ölkəmizdən İtaliyaya dəyəri 1,9 milyon ABŞ dolları olmaqla 10,7 milyon kubmetr, Bolqarıstana isə 200 min dollarlıq 55,4 min kubmetr təbii qaz ixrac edilib.
Cari ildə Türkiyəyə 180 milyon dollarlıq 2 milyard kubmetr, Gürcüstana 175,5 milyon dollarlıq 1,24 milyard kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 3 milyard 318,5 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 357,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.
TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.