Azərbaycanın Bolqarıstandakı səfiri “Standart” qəzetinə müsahibəsində ölkələrimizin əlaqələrinin inkişafından danışıb
Sofiya, 22 aprel, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın bu ölkənin aparıcı “Standart” qəzetində “Bakı Bolqarıstanın Asiyaya çıxış qapısıdır” sərlövhəli müsahibəsi dərc olunub.
Səfir müsahibədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə bir çox ölkələrdə həyata keçirdiyi layihələrdən danışıb. O, Veliko Tırnovada yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpa işlərinin Fond tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. 2015-ci il mayın 25-də Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” sazişin imzalandığını xatırladan səfir Heydər Əliyevin Fondunun bu layihəsinin ölkəmizin mədəniyyət sahəsində Şərqi Avropada ən böyük sərmayəsi olduğunu bildirib. Diplomat son onillikdə ölkəmizin təşəbbüsçüsü olduğu transregional əhəmiyyətli enerji layihələrindən bəhs edərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu qeyd edib. Bu kontekstdə 2016-cı il fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci iclasının uğurla keçirildiyini və Bolqarıstanın burada yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. İqtisadiyyatın digər sahələrində ikitərəfli əməkdaşlıq üçün imkanların mövcud olduğunu diqqətə çatdıran səfir İKT, kənd təsərrüfatı, turizm, əczaçılıq sənayesində tərəfdaşlıq üçün real perspektivlərin mövcudluğu, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb tranzit daşımaları sahəsində Bolqarıstan üçün vacib tərəfdaş olduğunu söyləyib. O, Azərbaycanla Bolqarıstan arasında turizm əlaqələrinin genişləndirilməsi barədə danışaraq Prezident İlham Əliyevin 2015-ci ilin martında Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Protokolu xatırladıb. Turizm əməkdaşlığının inkişaf etdirilməsi üçün turizm agentliklərinin və tur operatorların qarşılıqlı olaraq sərgilərdə iştirak etmələrinin vacib olduğunu qeyd edən diplomat aprel ayında Bakıda keçirilmiş 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2016” sərgisində Bolqarıstanın da öz milli pavilyonu ilə iştirak etdiyini diqqətə çatdırıb. O, 2016-cı il üçün Gəncənin “Avropanın gənclər paytaxtı” elan olunduğunu diqqətə çatdıraraq bütün bolqarıstanlı dostlarımızı bu gözəl şəhərə səfər etməyə, ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə yaxından tanış olmağa dəvət edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya