AZƏRBAYCANIN BUXARESTDƏKİ SƏFİRLİYİNDƏ ŞUŞANIN İŞĞALI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Səfir Eldar Həsənov Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlanmış işğalçılıq, təcavüzkar siyasətinin ölkəmiz üçün ağır nəticələrindən danışmış, nüfuzlu beynəlxalq təşkilatların buna hələ də göz yummasını ədalətsizlik, ikili standart kimi qiymətləndirmişdir. Eyni zamanda demişdir ki, Şuşanın, ümumiyyətlə, torpaqlarımızın hər bir qarışının yağı düşmən tapdağında qalması müvəqqəti xarakter daşıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycan xalqının milli mənafeyi gözlənilməklə həll olunacaq, Prezident İlham Əliyevin bu istiqamətdə səyləri öz bəhrəsini verəcəkdir.
Səfir KİV təmsilçilərini bu münaqişə ilə bağlı materiallarda əsl həqiqəti yazmağa, Azərbaycanın mövqeyi barədə obyektiv məlumat verməyə çağırmışdır.
Səfirliyin əməkdaşları, habelə Rumıniya-Azərbaycan İş Adamları Birliyi sədrinin müavini Elçin Məmmədov, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İqbal Hacıyev, tələbələrdən Əsgər Dünyamalıyev, Həmzə Kərimov və başqaları çıxışlarında Azərbaycan həqiqətlərinin, Ermənistanın təcavüzkar siyasəti barədə məlumatların Cənub-Şərqi Avropa ölkələrində geniş yayılmasını təmin etmək üçün bütün imkanlardan istifadə olunmasının zəruriliyini vurğulamışlar.