AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİNİ SAXTA SƏNƏDLƏRLƏ KEÇMƏK İSTƏYƏN BEŞ NƏFƏR ƏCNƏBİ SAXLANILMIŞDIR
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da saat 9.30 radələrində 5 nəfər əcnəbi vətəndaş dövlət sərhədini saxta sənədlərlə keçmək istəyərkən saxlanılmışdır. “Bakı-Ankara” reysi ilə uçmaq istəyən və özlərini Qırğızıstan vətəndaşı kimi təqdim edən 1970-ci il təvəllüdlü Xalikova Nilufər Xumayovna, 1962-ci il təvəllüdlü Mamacanova Gumaqil Yuldaşovna, 1979-cu il təvəllüdlü Toçiyeva Narqiza Sadıqovna, 1985-ci il təvəllüdlü Selimova Nadira Dursunəliyeva və 1988-ci il təvəllüdlü Dexnolova Narqiz Moxamadcanovna saxlanılaraq sorğuya cəlb olunmuş və onların sənədlərinə laboratoriya baxışı keçirilmişdir. Laboratoriya baxışı zamanı həmin şəxslərin təqdim etdikləri pasportların saxta olduğu aşkar edilmişdir. Araşdırmalardan aydın olmuşdur ki, həmin şəxslər Qırğızıstanın deyil, Özbəkistanın vətəndaşlarıdır və saxta Qırğızıstan pasportlarını 100-250 ABŞ dolları müqabilində Özbəkistanda bazardan əldə etmişlər. Məqsədləri isə Avropa ölkələrinə miqrasiya etmək olmuşdur.
Aşkar olunmuş faktlar üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır.