QAN YADDAŞI
AZƏRBAYCANIN FRANSADAKI SƏFİRLİYİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, səfirlikdə Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə səfir T.Əliyev faciənin bəşəriyyət tarixində qara ləkələrdən biri olduğunu, insanlığa qarşı törədilmiş vəhşiliyin günahkarlarının gec-tez öz cəzalarını alacaqlarını bildirmişdir.
Fransanın Azərbaycandakı keçmiş səfiri J.Perrən Xocalı hadisələrinin Bakıda fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, xəstəxanalarda yerləşdirilmiş yaralı xocalılılarla və qaçqınlarla görüşünü xatırlatmışdır.
Parisdəki “Azərbaycan evi”nin rəhbəri S.İsmayılov Xocalı soyqırımının erməni işğalçıları tərəfindən amansızlıqla həyata keçirildiyini və bu cinayəti törədənlərin indiyədək cəzasız qalmalarının yolverilməz olduğunu qeyd etmişdir.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən səfirliyə göndərilmiş fotolardan və kiçik yaşlı uşaqların rəsmlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Anma mərasimində Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, tələbələrimiz və diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış press-relizlər Parisdəki diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və Fransanın Xarici İşlər Nazirliyinə göndərilmişdir.