QAN YADDAŞI
AZƏRBAYCANIN İNDONEZİYADAKI SƏFİRLİYİ XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏLUMAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyi Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar yerli və xarici KİV-lər üçün məlumat yaymışdır.
Məlumatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhəri erməni qüvvələri tərəfindən yerlə-yeksan edilmişdir. Qətliam nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Bunlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocalardır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüş, 56 nəfər xüsusi qəddarlıq və işgəncələrlə öldürülmüşlər. Onları diri-diri yandırmış, başlarını kəsmiş, dərilərini soymuş, gözlərini oymuş, hamilə qadınların qarnını isə süngü ilə deşik-deşik etmişlər.
Məlumatda o da qeyd olunur ki, Ermənistan rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı qətliamına görə cəzalarını alacaqlar.
Azərbaycanlılara qarşı bütün cinayətlərdə Ermənistan silahlı qüvvələrinin iştirakı Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının, habelə şahidlərin, bir çox müstəqil mənbələrin, beynəlxalq mətbuatın və QHT-lərin təkzibolunmaz məlumatları əsasında sənədləşdirilmişdir.
İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzetində səfirliyin məlumatı əsasında Xocalı faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsi haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, dünyada, o cümlədən İndoneziyada yaşayan azərbaycanlılar fevralın 26-da ən dəhşətli faciələrdən biri olan Xocalı qətliamının ildönümünü qeyd edir. Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən ən müdhiş cinayətlərdən biridir. Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan silahlı birləşmələri Xocalını işğal etmiş, yüzlərlə dinc insanı, o cüməldən qadın və uşaqları xüsusi amansızlıqla qətlə yetirmişlər.
Qəzet yazır ki, həmin vaxtdan bəri dünya azərbaycanlıları 26 fevralı Xocalı soyqırımı günü kimi qeyd edir.
Məqalədə, həmçinin bir sıra beynəlxalq təşkilatların və dünyanın nüfuzlu mətbu orqanlarının faciə haqqında yaydıqları məlumatların sərlövhələri də verilmişdir.
######