Azərbaycanın İrandakı səfirliyində Xocalı faciəsini əks etdirən fotosərgi açılmışdır
Tehran, 25 fevral (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində Xocalı faciəsini əks etdirən fotosərgi açılmışdır.
Ukrayna, Türkiyə, Çexiya, Gürcüstan, Qazaxıstan və Polşanın İrandakı səfirləri, Tehranda fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların və şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycanın İrandakı dövlət qurumlarının təmsilçiləri, bu ölkədə ali təhsil alan tələbələrimiz sərgini ziyarət etmişlər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən surə oxunmuş, faciəni əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Xocalı faciəsinin törədilməsinin səbəb, məqsəd və nəticələri, eləcə də bu qanlı hərbi cinayəti törədənlərin ifşa edilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. 2009-cu ildən başlayaraq həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyasından danışan səfir bildirmişdir ki, məqsəd Xocalı faciəsini törədən ermənilərin iç üzünü açmaq, bu qanlı cinayət barədə dünya ictimaiyyətini məlumatlandırmaq, gələcəkdə dünyanın heç bir yerində belə dəhşətli hadisələrin təkrarlanmasına imkan verməməkdir. Xocalı faciəsini törədənləri lənətləmək, bu dəhşətli tarixi cinayətə etiraz səsi ucaltmaq bəşəri dəyərlərə, humanizm prinsiplərinə, insan ləyaqətinə hörmət edən hər kəsən borcudur.
Mərasim iştirakçılarına soyqırımı əks etdirən çap materialları, kitab və jurnallar paylanmışdır. Tehranın müəssisə və təşkilatlarından şəhidlərimizin xatirəsinə ehtiram olaraq əklillər gətirilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran