AZƏRBAYCANIN İŞ ADAMLARI RUMINİYADA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞLAR
Mayın 20-də Rumıniya Sənaye–Ticarət Palatasında (TSP) Rumıniya – Azərbaycan sərmayə forumu keçirilmişdir. Forumda Rumıniya TSP-nin vitse-prezidenti Konstantin Rasnoveanu Rumıniya iqtisadiyyatı, ASK-nın prezidenti Ələkbər Məmmədov isə Azərbaycanda sərmayə mühiti haqqında geniş məlumat vermişlər.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Rumıniya Sənaye-Ticarət Palatası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən iqtisadi və ticarət əlaqələrinin sürətli inkişafını təmin etmək məqsədi ilə tərəflər hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq Rumıniya və Azərbaycan iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığa yönəldilmiş biznes müqavilələrinin imzalanması və həyata keçirilməsi, onların işgüzar görüşlərin təşkil edilməsi, informasiya mübadiləsinin aparılması, sərgilərin təşkili və iş adamlarının həmin sərgilərdə iştirakının təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlmişlər.
Ayın 21-22-də Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinə (BSSK) daxil olan 22 dövlətin işgüzar adamlarının, eləcə də Rumıniyanın rəsmi dövlət və işgüzar dairələrinin, Avropa Birliyi qurumlarının nümayəndələrinin iştirakı ilə “Qərb-Şərq dialoqunda yeni Avropa: inteqrasiya və inkişaf” mövzusunda Beynəlxalq İqtisadi Forum keçirilmişdir. Forumun əsas məqsədi Qərb-Şərq dialoqu kontekstində ticarətin, iqtisadi inkişafın və əməkdaşlığın yeni yollarının müəyyənləşdirilməsi idi. Forumda 18 dövləti Rumıniyada təmsil edən səfirlər iştirak etmişlər.
Ələkbər Məmmədov BSSK-nın geniş iclaslarında “İdarəetmə sistemində sertifikatlaşdırmanın rolu” və “BSSK-nın innovasiya fəaliyyəti” mövzularında çıxışlar etmişdir.
Səfər çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyəti 2004-cü ilin əvvələrindən Rumıniyada fəaliyyət göstərən və 70-ə yaxın şirkəti birləşdirən Rumıniya-Azərbaycan İş Adamları Birliyinin üzvləri ilə görüşmüşdür. Görüş zamanı ASK ilə Rumıniya-Azərbaycan İş Adamları Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Səfər zamanı iş adamlarımız Rumıniyanın bir sıra müəssisə və təşkilatlarında olmuş və ikitərəfli işgüzar görüşlərdə iştirak etmişlər. Bundan əlavə nümayəndələrimiz Buxarestdə oxuyan azərbaycanlı tələbələr və Rumıniyada fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə də görüşmüşlər.
Sentyabr-oktyabr aylarında Bakıda “Rumın ixrac məhsulları sərgisi”nin təşkil edilməsi və Rumıniya iş adamlarının Azərbaycana səfəri razılaşdırılmışdır.