İQTİSADİYYAT
Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA
Bakı, 14 sentyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2024-cü il “Qlobal kibertəhlükəsizlik indeksi 2024” hesabatında Azərbaycanın öz mövqeyini gücləndirməsi ölkənin dünya miqyasında reputasiyasının güclənməsinə, etibarlılığının artmasına və daha çox xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
ETX-dən bildirilib ki, BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan BTİ bütün dünyada rabitə əlaqələrinin yaradılması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, təşkilat dünya üzrə kibertəhlükəsizlik səviyyəsini müəyyən edən əhəmiyyətli “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatı dərc edir.
İndeksin müəyyən edilməsi üçün Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194 ölkənin kibertəhlükəsizlik səviyyəsi beş əsas sahə üzrə qiymətləndirilir:
• Hüquqi
• Texniki
• Təşkilati tədbirlər
• Kadr potensialının gücləndirilməsi
• Əməkdaşlıq tədbirləri.
“2024-cü ildə həmin hesabatın hazırlanmasında Təşkilatın Ekspertlər Qrupu tərəfindən yeni yanaşma (beş səviyyə (T1-T5) üzrə bölgü) tətbiq edilərək, ölkələrin mövqelərə görə sıralanması əvəzinə beş təkmil səviyyəsi müəyyən edilib.
“Ölkəmiz reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayaraq, yeni metodologiyaya əsasən 2-ci dərəcəli “təkmil səviyyəsində” qərarlaşıb. Azərbaycan bu səviyyədə 29 ölkə arasında 4-cü yerdə, MDB ölkələri arasında isə 2-ci yerdə mövqe tutub”, - deyə ETX-dən bildirilib.
Qurumun açıqlamasında qeyd olunub ki, bundan əvvəlki 2020-ci il hesabatında Azərbaycan 89,31 xal ilə 40-cı yeri tutaraq, MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb: “Ölkəmizin müxtəlif beynəlxalq reytinqlərdə yüksəlməsi ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyasın”dan irəli gələn tədbirlərin ölkə səviyyəsində icra olunmasının nəticəsidir. BTİ-nin 2024-cü il hesabatında Azərbaycanın öz mövqeyini gücləndirməsi ölkənin dünya miqyasında reputasiyasının güclənməsinə, etibarlılığının artmasına və daha çox xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq”.