Azərbaycanın Malayziyadakı səfirliyi koronavirusla əlaqədar “qaynar xətt” yaradıb
Kuala Lumpur, 16 mart, AZƏRTAC
COVlD-19-un sürətlə yayılması ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi akkreditə olduğu ölkələrdə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.
Səfirlikdən AZƏRTAC-ın bu ölkədəki müxbir məntəqəsinə bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizin Malayziyadakı səfirliyi akkreditə olunduğu ölkələrdə (Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +60172398963 və +60342526800) yaradıb.
Səfirlik vətəndaşlarımızdan koronavirusdan səmərəli şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.
Bununla yanaşı, səfirliyin rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatlar yerləşdirilib - https://www.facebook.com/Embassy-of-the-Republic-of-Azerbaijan-to-Malaysia-1521274738124300/?epa=SEARCH_BOX.
Mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlanaraq, onlara mövcud şəraitlə əlaqədar diqqətli olmaq və təlimatlara riayət etmək tövsiyə edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur