Azərbaycanın maliyyə intizamı beynəlxalq etimadı artırır ŞƏRH
Bakı, 19 iyun, AZƏRTAC
Mürəkkəb qlobal konyunkturada Azərbaycan maliyyə intizamını qoruyub saxlamaqla yanaşı, həm də iqtisadiyyatının dayanıqlılığını daha da gücləndirib. Büdcə gəlirlərinin yarısından çoxu qeyri-neft gəlirlərinin payına düşür ki, bu da dövlət maliyyəsinin dayanıqlılığını təmin edir. İqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, yüksək dəyişkənliklə xarakterizə olunan qlobal bazar şəraitində iqtisadi sabitliyi və maliyyə intizamını qoruyub saxlaması Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazandırıb. “Bu gün qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə çatır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb olunub. Xarici dövlət borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Ölkənin valyuta ehtiyatları isə xarici borcdan 20 dəfədən çoxdur. Sabit və etibarlı mühit investorlar üçün əsas prioritetlərdən biridir və Azərbaycan bu baxımdan cəlbedici ölkələr sırasındadır”, - deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva son illər infrastruktura və bağlantı layihələrinə investisiyaların artırıldığına diqqət çəkərək deyib: “Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri – innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşıb. Sosial sahəyə böyük diqqət yetirilib. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Ümumilikdə Böyük Qayıdış proqramının icrasına başlanmasından 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 26 milyard manata yaxın vəsait sərf olunacaq. Ümumilikdə isə, büdcədənkənar investisiyaları da nəzərə alsaq, bu məbləğ 17 milyard ABŞ dolları təşkil edir.
Dövlətimizin başçısının da dediyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika dəhlizlərinə böyük sərmayələr yatıraraq ölkənin regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirib. Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, enerji təhlükəsizliyi sahəsində liderliyi, regional əlaqələndirmə təşəbbüsləri ölkədə dayanıqlı rifaha nail olmağa hədəflənib. Bakı, həmçinin son illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu xüsusda, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları ölkəmizlə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verməklə yanaşı, Qrupa üzv dövlətlər arasında da günün reallıqlarına uyğun əməkdaşlığı möhkəmləndirir”.