Azərbaycanın media nümayəndələri Səmərqəndin nadir memarlıq inciləri ilə tanış olublar
Daşkənd, 26 sentyabr, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycan telekanallarının və informasiya agentliklərinin nümayəndələri Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində Səmərqənd şəhərində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əsrlər boyu dünyanın hər yerindən gələn səyahətçiləri heyrətləndirən unikal memarlıq ansambllarını ziyarət ediblər.
Proqramın ilk nöqtəsi möhtəşəm Gur Əmir Kompleksi, Teymurilərin ailə məzarlığı olub. Mediaturun iştirakçıları bu memarlıq şah əsərinin miqyasını və gözəlliyini qiymətləndirə, tarixini və dünya mədəniyyəti üçün əhəmiyyətini öyrənə biliblər.
Daha sonra nümayəndə heyəti orta əsr məşhur Registan Meydanına baş çəkib. Qonaqlara Meydanın tarixi barədə məlumat verilib. Bildirilib ki, Registan üç möhtəşəm mədrəsədən ibarətdir: XV əsrdə inşa olununa Uluqbəy, Şerdor və Tilla-Kari.
Sonra qonaqlar “Hoja Doniyor” məqbərəsini, Bibixanımın məqbərəsini ziyarət ediblər. Səfər orta əsrin ən əhəmiyyətli elmi mərkəzlərindən biri olan Uluqbəy rəsədxanasını ziyarət etməklə başa çatıb.