SİYASƏT
Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada səfərdədir VİDEO
Nümayəndə heyətini Rumıniya müdafiə nazirliyi Baş Qərargahının rəis müavini, general Dumitru Skarlat qarşıladı.
Sonra rəsmi heyət Buxarest şəhərindəki “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Ümummilli Liderin büstünün önünə əklil və tər çiçəklər qoydular, Ulu Öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiramlarını ifadə etdilər.
Səfər çərçivəsində Rumıniyanın müdafiə naziri Mirçea Duşa və parlamentin deputatlar palatasının sədri Valeriu Zqonea ilə görüşlər keçirildi. Görüşlərdə ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri və perspektivləri müzakirə edilib. Hərbi-texniki, hərbi təhsil sahələrində, dağ təlimi, təlim mərkəzlərinin birgə istifadəsi, birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib, Şərqi Avropada və Cənubi Qafqazda cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb, hər iki ölkənin ərazi bütövlüyünün dəstəkləndiyi bir daha vurğulanıb.
Görüşlərdən sonra mətbuat konfransı keçirilib, tərəflərin bütün mövqelərinin üst-üstə düşdüyü qeyd edilib.
Avqustun 28-də Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüş keçiriləcək. Səfər barədə Rumıniya KİV-lərində geniş məlumat verilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest