AZƏRBAYCANIN ÖZBƏKİSTANDAKI SƏFİRİ TÜRKİYƏNİN VƏ ATƏT-İN BU ÖLKƏDƏKİ SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüş zamanı Azərbaycan-Türkiyə, Türkiyə-Özbəkistan, Türkiyə-Mərkəzi Asiya dövlətləri, Türkiyənin xarici işlər naziri Abdullah Gülün Azərbaycana rəsmi səfəri və digər məsələlər müzakirə edilmişdir. Söhbətdə Ermənistanın Türkiyə ilə ticarət əlaqələri qurması barədə irəli sürülən təşəbbüslər, İstanbul-Yerevan hava xəttinin açılması ehtimalı ilə bağlı dolaşan söhbətlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfir Rəşid Uman qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistanla hər hansı bir əlaqədən söhbət gedə bilməz. Səfir söhbətin mövzusu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə məlumat verəcəyini qeyd etmişdir.
Aydın Əzimbəyov Türkiyə səfirinə Azərbaycan Respublikası Milli Məclisinin İsveçrə Federal Məclisinin qondarma “erməni soyqırımı”nı tanıması ilə əlaqədar qəbul etdiyi etiraz bəyanatının mətnini təqdim etmiş və bildirmişdir ki, Azərbaycan səfirliyi bu bəyanatı Özbəkistan Xarici İşlər Nazirliyinə, ölkənin Ali Məclisinə, Özbəkistandakı bütün xarici səfirliklərə və daimi nümayəndəliklərə göndərmişdir.
X X X
Səfir Aydın Əzimbəyov həmin gün ATƏT-in Özbəkistandakı nümayəndəliyinin başçısı Əhməd Erozanla da görüşmüş, bütün bu məsələlər haqqında ona məlumat vermişdir.
Ə. Erozan bildirmişdir ki, Türkiyə Xarici İşlər Nazirliyində işləyərkən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmuşdur və Türkiyənin hər hansı səviyyədə Ermənistanla əlaqə yaratmasını qeyri-mümkün hesab edir.
Görüşdə Aydın Əzimbəyov ATƏT-in səfirinə Azərbaycan Milli Məclisinin İsveçrə Federal Məclisinin qondarma “erməni soyqrımı”nı tanıması ilə bağlı qəbul etdiyi etiraz bəyanatının Azərbaycan, rus, ingilis və fransız dillərində nüsxələrini təqdim etmişdir.