AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illərdir ölkəmizdə təşəkkül tapmış davamlı tolerantlıq mühiti ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətləri şəraitində dinc yanaşı yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətimizdir.
Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkədə mövcud olan vicdan və dini etiqad azadlığından, mütərəqqi dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadır. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, respublikamızın çoxsaylı pravoslav xristian icması da öz milli-mənəvi dəyərlərinə sahib olmaqla, ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 aprel 2008-ci il.