AZƏRBAYCANIN RUSİYA İLƏ ENERJİ ƏLAQƏLƏRİ İNKİŞAF EDİR VƏ MÖHKƏMLƏNİR
İqtisadiyyatın ahəngdar inkişafında mühüm rol oynayan bu sahədə iki qonşu suveren dövlət arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün də davam və inkişaf etdirilir. Belə səmərəli tərəfdaşlıq hər iki ölkənin müstəqil enerji sistemlərinin paralel rejimdə qəzasız və etibarlı işləməsini təmin edir.
Ayrı-ayrı dövlətlərin və bütövlükdə Avropanın vahid iqtisadi, o cümlədən elektroenergetika məkanında birləşmək ərəfəsində olduğu müasir şəraitdə Azərbaycan energetikləri də inteqrasiya məsələlərinə xüsusi önəm verir. Respublikamızda qonşu ölkələrlə əlaqələr uğurla möhkəmləndirilir, elektrik enerjisi mübadiləsi artırılır, enerjinin ixracı və tranziti üzrə layihələr həyata keçirilir. Bu sahədə ənənəvi və etibarlı tərəfdaşımız olan Rusiya ilə əməkdaşlığa üstünlük verilir.
Son illərin statistikasına görə, Azərbaycan, imzalanmış sazişlər əsasında, hər il Rusiya Federasiyasından təqribən 3 milyard kilovat-saat elektrik enerjisi alır və ona 1 milyard kilovat-saat elektrik enerjisi satır. Azərbaycan ilə Rusiya arasında bugünkü enerji mübadiləsi təkcə çoxillik ənənələrdən deyil, həm də iki müstəqil enerji sisteminin qarşılıqlı tələbatından irəli gəlir. Hər iki tərəf bərabər səviyyəli tərəfdaşlığa maraq göstərir.
Azərbaycan və Rusiya sistemləri arasında enerji mübadiləsi Yaşma və Dərbənd yarımstansiyaları arasındakı 330 kilovoltluq elektrik ötürücü xətti vasitəsilə həyata keçirilir. Enerji mübadiləsinin keyfiyyətini yaxşılaşdırmaq üçün ötən il Yaşma yarımstansiyasında genişmiqyaslı yenidənqurma işləri aparılmış, köhnə avadanlıq yenisi ilə əvəz olunmuşdur.
Hazırda Azərbaycan və Rusiya Federasiyasının layihə institutları Yaşma-Dərbənd elektrikötürücü xəttinin ikinci növbəsinin texniki-iqtisadi əsaslandırılması üzərində işləyirlər. Layihənin həyata keçirilməsi bu ötürücü xəttin gücünü iki dəfə artırmağa imkan verəcəkdir. Bu xəttin çəkilişi regional əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən Rusiya-Azərbaycan-İran elektrik dəhlizinin yaradılması layihəsinin tərkib hissələrindən biridir.
Azərbaycan Rusiyanın energetika avadanlığı istehsal edən müəssisələri ilə sıx əlaqə saxlayır. Ölkənin elektroenergetikasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin ciddi nəzarəti altında həyata keçirilən islahatlar çərçivəsində hələ sovet hakimiyyəti illərində inşa edilmiş bir sıra stansiyaların, yarımstansiyaların və elektrikötürücü xətlərinin yenidən qurulmasında bu əlaqələrdən geniş istifadə olunur. Məsələn, respublikanın elektrik enerjisinin yarıdan çoxunu istehsal edən Azərbaycan İES-də generasiya güclərinin artırılması, avadanlığın təzələnməsi məqsədi ilə genişmiqyaslı işlər aparılır. Baş podratçı Rusiyanın “Silovıye maşinı” şirkətidir. Yeri gəlmişkən, bu müəssisə ötən əsrin 80-ci illərində sözügedən stansiyanın inşasında fəal iştirak etmişdir.
Ümumiyyətlə, Azərbaycan energetiklərini Sankt-Peterburqla işgüzar əlaqələr bağlayır. Uzun illərdir ki, ölkəmizin elektrik stansiyaları üçün avadanlıq, əsasən, Rusiyanın şımal paytaxtının aparıcı müəssisələri olan “Elektrosila” və mexaniki zavodundan alınıb gətirilir. Yenikənd SES-də hazırda istismarda olan 4 hidroqurğunu bu zavodun mütəxəssisləri quraşdırmışlar. Bu müəssisənin nümayəndələri milli energetikamızın beşiyi sayılan Mingəçevir SES-in üç blokunun yenidən qurulmasında da fəal iştirak etmişlər.
Respublikamızın cənubunda - Astaradakı modul tipli ilk elektrik stansiyasının inşasında da rusiyalı ekspertlər yaxından iştirak etmişlər. Finlandiyanın “Vartsila” şirkətinin Rusiya Federasiyasından dəvət etdiyi mütəxəssislər qrupu stansiyada quraşdırma işləri görmüş, əsas və köməkçi avadanlığı sazlayıb sınaqdan çıxarmış, eyni zamanda, yerli işçilərə enerji modullarının istismarı və təmiri proseslərinin idarə edilməsi prinsiplərini öyrətmişlər.
Bu gün Azərbaycanda Rusiya İlinin başlanmasını təntənəli şəkildə qeyd etdiyimiz bir vaxtda deyə bilərik ki, iki ölkənin energetikləri arasında qarşılıqlı faydalı əlaqələr uğurla inkişaf edir, möhkəmlənir və dərinləşir. Dost və qonşu ölkələrimizin xalqlarının mənafeyinə xidmət edən bu əlaqələr böyük perspektivə malikdir.