Azərbaycanın Silahlı Qüvvələri Günü Gürcüstanda da qeyd olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü Gürcüstanda da təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov, eləcə də attaşe aparatının və səfirliyin əməkdaşları, jurnalistlər, ictimaiyyət nümayəndələri iyunun 26-da Tbilisidəki Heydər Əliyev adına parkda müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.
Sonra hərbi attaşe aparatının rəhbəri və zabitlər Rustavidə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Silahlı Qüvvələr Günü ilə əlaqədar Gürcüstan mətbuatında materiallar dərc olunub, paylaşımlar edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi