REGİONLAR
Azərbaycanın şimal qapısı sayılan Qusarda sanitar-dezinfeksiya işləri aparılıb
Qusar, 24 mart, Elxan Yusifli, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Nazirlər Kabinetinin yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qusar rayonunda da zəruri tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti yanında aidiyyəti yerli dövlət qurumlarının rəhbərlərindən ibarət qərargah yaradılıb, idarə, müəssisə və təşkilat rəhbərlərinə virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin görülməsi tapşırılıb. Rayonda mövcud uşaq bağçalarında, məktəblərdə, idarə və təşkilatlara məxsus inzibati binalarda, çoxmənzilli yaşayış binaların pilləkən qəfəslərində və həyətlərində sanitar-dezinfeksiya işləri görülüb. Şəhərin küçələri hər gün dezinfeksiyaedici məhlulla yuyulur.
İclaslar, müşavirələr telefon (selektor), mobil və internet rabitəsi vasitəsi ilə keçirilir, inzibati binaların dəhlizində antiseptik vasitələr qoyulur. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinin elektron və telefon rabitəsi vasitəsi ilə qəbul edilməsi üçün elektron ünvan ([email protected]) və (023)385-30-58; 385-26-80 telefon əlaqə nömrələri və məsul şəxslər müəyyən edilib.
Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun vətəndaşların maarifləndirilməsi aidiyyəti qurumlar və rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələr vasitəsilə həyata keçirilir.