Azərbaycanın Tunisdəki nümayəndəliyində Xocalı faciəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycanın Tunisdəki nümayəndəliyində Xocalı faciəsinin iyirmi birinci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Tunisdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, dost dövlətlərin diplomatik korpusunun nümayəndələri, “Əş-Şuruq” və “La-Press” mətbu orqanlarının müxbirləri, “Sovet Ali Məktəblərinin Məzunları” İttifaqının bir sıra üzvü və türk icmasının nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Tunisdəki müvəqqəti işlər vəkili M.İmanzadə tədbir iştirakçılarına Azərbaycan xalqının tarixinin ən faciəli səhifəsi barədə danışmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu və SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayı Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirmişlər.
Vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymət verilmiş, bu qətliam azərbaycanlıların soyqırımı günü kimi tanınmışdır. Qeyd olunmuşdur ki, bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
M.İmanzadə bildirmişdir ki, ermənilər tərəfindən törədilmiş bu cinayət bir çox dövlətlərdə də qətiyyətlə pislənilir. Dünyanın müxtəlif şəhərlərində bu faciəyə həsr olunmuş etiraz tədbirləri keçirilir. Xocalı qətliamı dünya azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcəkdir. Anma mərasimləri azərbaycanlıları birləşməyə, vətənlərini sevməyə, onu düşmən tapdağından azad etmək üçün canlarından keçməyə hazır olduqlarından xəbər verir.
Mərasimdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmiş, toplantı iştirakçılarına faciə ilə bağlı kitab və broşürlər paylanılmışdır.
Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılmışdır.
Azərbaycanın Tunisdəki müvəqqəti işlər vəkili bu ölkənin ən çox oxucusu olan “Əş-Şuruq” qəzetinin müxbirinə Xocalı faciəsinin iyirmi birinci ildönümü münasibətilə ətraflı məlumat da vermişdir. Məqalə qəzetin fevralın 6-da işıq üzü görmüş nömrəsində dərc olunmuşdur.
Məqalədə Xocalı soyqırımı aktının icraçılarının adları qeyd edilmiş, şəhid olan qadınların, uşaqların, qocaların sayı sadalanmış, faciə qətliam adlandırılmışdır. Qəzetdə XX əsrin ən dəhşətli soyqırımılarından olan Xocalı faciəsinin qurbanlarının xatirəsinin hər il ölkəmizdə qeyd edilməsi vurğulanmışdır. Bu cinayətin ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu törətdikləri soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğu bildirilmişdir.