MƏDƏNİYYƏT
Azərbaycanın turizm imkanları Nyu-York sərgisində nümayiş olunur
Bakı, 8 yanvar, AZƏRTAC
İlin ilk turizm sərgisi yanvarın 8-də Nyu-Yorkda işə başlayıb. Ənənəvi “The New York Times Travel Show” sərgisi yanvarın 10-dək davam edəcək. Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, heyətə nazirliyin marketinq sektorunun müdiri Emil Səfərov, regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Konqreslər Bürosu (AKB), “Turizm.az”, “Spektr travel” şirkətləri və AZAL-ın təmsilçiləri daxildir.
Sərgidə 24 kvadratmetr sahədə ölkəmizin turizm imkanları əks etdirən stend qurulub.
Yanvarın 28-dən 31-dək isə ölkəmiz İstanbulda keçiriləcək “EMITT East Mediterranean Tourism and Travel Exhibition” sərgisində təmsil olunacaq.
Bundan əlavə, bu il nazirliyin təşkilati dəstəyi ilə 4 sərgidə iştirak nəzərdə tutulub. Aprel ayında Almaniyanın Frankfurt şəhərində keçiriləcək “İMEX” sərgisində yalnız AKB-yə üzv olan şirkət və mehmanxanalar iştirak edə bilər. Sözügedən sərgidə iştirak etmək istəyən şirkətlər bilavasitə AKB-yə müraciət etməlidirlər.
Mayda Almatıda (“KIHE”), oktyabrda Dubayda (“İMTEC”) və dekabrda İzmirdə (“Travel Turkey”) keçiriləcək sərgilərdə isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar qatıla bilərlər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir. Bu məqsədlə 2016-cı ildə ümumilikdə 18 sərgidə iştirak nəzərdə tutulub.