AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏ İNTERNET SAYTI YARADILMIŞDIR
Qrupun rəhbəri Telman Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, saytda Azərbaycanın dünya şöhrətli oğlu Prezident Heydər Əliyevin fəaliyyətinin 1969-1982 və 1993-2003-cü illəri əhatə edən dövrlərinə xüsusi yer verilmişdir.
1969-1982-ci illərə həsr olunmuş materiallarda Heydər Əliyevin SSRİ dövründə Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edilir.
1993-2003-cü illəri əhatə edən dövrə aid materiallarda Prezident Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə tarixi qayıdışı, ölkədə ictimai-siyasi sabitliyin yaradılması, hərbi quruculuq, iqtisadiyyat, elm və mədəniyyətin, demokratiyanın inkişafı sahəsində gərgin və məqsədyönlü fəaliyyəti, onun rəhbərliyi ilə müstəqil respublikamızın xarici siyasəti barədə materiallar öz əksini tapmışdır.
Saytda “Tərcümeyi-hal”, “Siyasi portret”, “Heydər Əliyev dünyası”, “Aforizmlər”, “Müsahibələr”, “Çıxışlar”, “Heydər Əliyev haqqında kitablar” və “Fotoalbom” bölmələri də vardır. “Fotoalbom” bölməsində külli miqdarda fotoşəkillər toplanmışdır.
Qrupun rəhbəri saytın hazırlanması üçün materiallar təqdim etdiklərinə və öz məsləhətləri ilə göstərdikləri köməyə görə Prezident Administrasiyasının şöbə müdirləri Fatma Abdullazadə və Əli Həsənova, İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elmir Vəlizadəyə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, AZƏRTAC-ın rəhbərliyinə, eləcə də maliyyə dəstəyinə görə “Azərbaycan Qaz Emalı” ASC-yə minnətdarlığını bildirmişdir.