SİYASƏT
Azərbaycanın Xarici İşlər Nazirliyi: İdman ilə siyasət eyniləşdirilməməlidir
Bakı, 31 avqust, AZƏRTAC
Son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışları keçirilib. Bunların sırasında London Olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə üçüncü dünya, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa, boks üzrə XVI dünya çempionatları, cüdo üzrə “World Masters” beynəlxalq turniri, eləcə də Qrand-Pri və “Böyük dəbilqə” yarışlarını, habelə bədii gimnastika üzrə Avropa çempionatını, atıcılıq üzrə Qəbələ beynəlxalq turnirini və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın “Borussiya” (Dordmund) komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycana səfərinə dair kütləvi informasiya vasitələrinin sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, qarşıdan gələn illərdə də ölkəmizdə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Belə yarışlarda təmsil olunan hər bir dövlət UEFA-nın müəyyənləşdirdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbolun xarakterik xüsusiyyətlərindən biri onun komanda oyunu olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq, “Borussiya” klubunun Azərbaycana səfəri də ayri-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər. İdman ilə siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir. Arzuolunmaz şəxslər siyahısına gəldikdə isə burada bir hal fərdi qaydada nəzərdən keçirilir.