Azərbaycanla Türkmənistan arasında həyata keçirilən layihələr iqtisadi gücümüzü daha da artıracaq ŞƏRH
Bakı, 25 iyun, AZƏRTAC
Türkmənistan Prezidentinin səfəri 2017-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin əhatə dairəsinin daha da genişlənməsinə töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Azərbaycan və Türkmənistanın birgə reallaşdırdıqları layihələr həm region dövlətləri, həm də qlobal səviyyədə olduqca əhəmiyyətlidir. Trans-Xəzər Nəqliyyat Marşrutunun inkişafı Azərbaycan və Türkmənistanın əsas hədəflərindən biri hesab olunur. Xəzər dənizi vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi hər il artmaqdadır. İki dövlət arasında liman infrastrukturunun və logistika imkanlarının əlaqələndirilməsi ölkələrimizin iqtisadiyyatına böyük töhfə verməklə yanaşı, Avropa ilə Asiyanı birləşdirən ən optimal marşrutun formalaşmasına xidmət edir.
“Türkmənistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində dost ölkəyə “Dostlug” neftdaşıyan tankerinin hədiyyə edilməsi xüsusi önəm daşıyır və dostluq münasibətlərimizin rəmzi kimi qiymətləndirilir. Eyni zamanda, Türkmənistan dövləti tərəfindən Füzuli şəhərində məscid inşa edilərək Azərbaycana hədiyyə olunması qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşa şəhərinə səfər etməsi də xüsusi əhəmiyyət kəsb edir", - deyə K.Əliyeva vurğulayıb.
Professor əlavə edib ki, Azərbaycan və Türkmənistan mövcud sıx iqtisadi və siyasi əlaqələrlə yanaşı, mədəni və humanitar sahələrdə də mühüm addımlar atırlar. Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arxadağ şəhərlərinin qardaşlaşmış şəhərlər elan edilməsi xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ümumiyyətlə, həm Azərbaycan, həm də Türkmənistan üzv olduqları beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyirlər. Azərbaycanla Türkmənistan arasında ən yüksək səviyyədə qurulmuş dostluq əlaqələri, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr dövlətlərimizin iqtisadi gücünün daha da artmasına şərait yaradacaq.