Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idmançı dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.
Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir. Bu fəth İ.Aşurlının səkkizinci səkkizminlik zirvəsi olub.
O, daha əvvəl, iyulun 10-da Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilən Nanqa Parbata da süni oksigendən istifadə etmədən qalxmışdı.