AZƏRBAYCANLI RƏSSAM BEYNƏLXALQ SƏRGİ–MÜSABİQƏNİN QALİBİ OLMUŞDUR
İyulun 14-dən 29-dək davam edən tədbirdə dünyanın 14 ölkəsindən 32 incəsənət ustası (rəssam, heykəltaraş, quruluşçu-dizaynçı, fotoqraf və s.) iştirak etmişdir.
Azərbaycan rəssamları Arif Hüseynov və Sabir Çopurov beynəlxalq simpozium-sərgidə ilk dəfə təmsil olunmuşdular. Rəssamlarımızın beynəlxalq tədbirdə iştirakı Avropadakı soydaşlarımızın təsis etdiyi “Azərbaycan İncəsənət Xadimlərinin Avropa Assosiasiyası”nın fəal üzvü, Köln şəhərində fəaliyyət göstərən “Zərifə.art.Yaradıcılıq Birliyi”nin sədri İldırım Sultanovun maddi və mənəvi dəstəyi sayəsində baş tutmuşdur.
Simpozium 32 sənətkarın yaratdığı bədii sənət nümunələrinin sərgi-müsabiqəsi ilə yekunlaşmışdır.
Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi Sabir Çopurovun Xəzərin xam nefti ilə bağlı çəkdiyi tablo 32 sərgi eksponatı içərisində ən görkəmli və uğurlu rəsm əsəri kimi dəyərləndirilmişdir. Bədii sənətkarlıq nümunəsinin müəllifi beynəlxalq sərgi-müsabiqənin birinci dərəcəli diplomuna layiq görülmüş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Azərbaycanlı rəssam öz sənət əsərini Münster şəhəri bələdiyyəsinə hədiyyə etmişdir.
Almaniya mətbuatı azərbaycanlı rəssamın yaradıcılığı barədə xoş sözlər yazırlar.