Azərbaycanlı tələbələr “Paris-2024” Paralimpiya Oyunlarında milli komandaya dəstək göstərəcəklər
Bakı, 23 fevral, AZƏRTAC
Fransada təhsil alan Azərbaycanlı tələbələr Mənsurə Məhərrəmova və Sevinc Musayeva “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən Azərbaycan milli komandasının könüllüləri olaraq qeydiyyata alınıblar və bu haqda onlara rəsmi bildiriş göndərilib.
AZƏRTAC xəbər verir ki, könüllülər milli komandaya atletlər kəndi və idman arenalarında dəstək olacaqlar.
Mənsurə Məhərrəmova 2001-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə məzunudur. Təhsilini hazırda Fransanın Ruan Universitetində davam etdirir. Tələbəlik illərindən etibarən 50-dən çox yerli və beynəlxalq əhəmiyyətli layihələrdə. tədbirlərdə, idman yarışlarında iştirakçı, könüllü, təşkilatçı kimi təmsil olunub. İş fəaliyyəti olaraq Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının PR mütəxəssisi, sonra isə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərib. Ana dili olan Azərbaycan dilindən əlavə ingilis, rus, fransız və türk dillərini bilir.
Sevinc Musayeva 1999-cu ildə Göyçayda anadan olub. Azərbaycan Dillər Universitetinin fransız dili müəllimliyi ixtisası, magistr təhsili üzrə isə fransız dili tərcüməçiliyi ixtisası məzunudur. Təhsilini hal-hazırda Fransanın Ruan Universitetində davam etdirir. Tələbəlik illərindən etibarən yerli və beynəlxalq əhəmiyyətli layihələrdə, universitet daxili tədbirlərdə fəal iştirak edib. Ana dili olan Azərbaycan dilindən əlavə ingilis, rus, fransız və türk dillərini bilir.
Qeyd edək ki, 2024-cü il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə XVII Yay Paralimpiya Oyunları keçiriləcək.
Oyunlara Azərbaycan komandasının böyük heyətlə qatılacağı gözlənilir. Belə ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 19 medal qazanmış Azərbaycan komandası Parisdə də yüksək nəticə əldə etməyə iddialıdır. İdmançıların son hazırlıq mərhələsi 2024-cü ilin avqustunda Fransanın Ajan şəhərində keçirilməsi planlaşdırılıb.
Azərbaycan Milli Paralimpiya Komitəsi ölkəmizdə inkişaf etmiş könüllülük hərəkatının üzvləri ilə daima sıx əlaqədə olur.
Könüllülərimiz bir çox yerli və beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsində Komitəyə dəstək göstəriblər.